Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkilatçılığı, AzInTelecom MMC-nin dəstəyi və Startap Azərbaycan platformasının tərəfdaşlığı ilə keçirilən SmartSolutions Hackathon 2026 uğurla baş tutmuşdur.
10–11 aprel 2026-cı il tarixlərində təşkil olunan hackathonun əsas məqsədi tələbə və gənclərin innovativ düşüncə tərzinin inkişaf etdirilməsi, onların praktiki bacarıqlarının artırılması və real problemlərə texnoloji həllərin hazırlanmasının təşviq edilməsi olmuşdur.
İki gün davam edən tədbir çərçivəsində iştirakçılar komandalar şəklində fəaliyyət göstərərək təqdim olunan problemlər arasından seçim etmiş və həmin problemlər üzrə konkret nəticələrə yönəlmiş məhsullar (MVP) hazırlamışlar. Komandalar mentorların dəstəyi ilə həm texniki, həm də biznes yanaşmalarını formalaşdıraraq ideyalarını real tətbiq oluna bilən səviyyəyə çatdırmışlar.
Hackathon iki əsas istiqamət üzrə keçirilmişdir:
1. Süni İntellekt və Mobillik
2. Kibertəhlükəsizlik, FinTech və Bulud texnologiyaları
Hər iki istiqamət üzrə ümumilikdə 14 komanda (7 komanda hər istiqamət üzrə) iştirak etmişdir. Komandalar Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələrindən formalaşmışdır.
Tədbirin ikinci günündə komandalar hazırladıqları məhsulları münsiflər heyəti qarşısında təqdim etmiş və qiymətləndirmə nəticəsində qaliblər aşağıdakı kimi müəyyən olunmuşdur:
Süni İntellekt və Mobillik istiqaməti üzrə:
🥇 I yer – ChatX – Courier Fatigue Detector
Kənan Rzayev, Fərid Mustafayev, Nurlanə Ələkbərova
🥈 II yer – ISO – AI in Agriculture
Ömər Bəşirli, İsmayıl Baba, Ömər Səbzəliyev, Süleyman Salmanlı
🥉 III yer – Tab-SM – Predictive Sharing (Demand Prediction)
Əşrəf Abbasov, Kənan Salmanlı
Kibertəhlükəsizlik, FinTech və Bulud texnologiyaları istiqaməti üzrə:
🥇 I yer – CyberClowns
Ziyad Muradov, Amil Süleymanov, Amin Orucov, Emil Məhərrəmov, Fuad Məmmədli
🥈 II yer – Nimbus1950
Elgün Şükürov, Osman Sadıqov, Rafael Qurbanov, Ayan Mahmudova
🥉 III yer – Aura
Selcan Kərimli, Aisel Gasumova
Qiymətləndirmə zamanı komanda işi, həllin innovativliyi, tətbiq oluna bilmə potensialı və biznes dəyəri kimi meyarlar əsas götürülmüşdür.
SmartSolutions Hackathon 2026 iştirakçılar üçün yalnız yarış deyil, həm də real problemlər üzərində işləmək, komanda şəklində effektiv fəaliyyət göstərmək və məhsul yönümlü düşüncə bacarıqlarını inkişaf etdirmək baxımından mühüm təcrübə olmuşdur. Tədbir ümumilikdə yüksək təşkilati səviyyədə keçirilmiş və uğurla yekunlaşmışdır.






