Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi tərəfindən təşkil olunan “Startap Günləri” innovativ ideyaların inkişafına dəstək göstərmək və gənclərin startap ekosistemində aktiv iştirakını təşviq etmək məqsədilə keçirilən tədbirdir. Tədbir çərçivəsində tələbələr və gənc innovatorlar öz ideyalarını təqdim edir, mentor və ekspertlərin dəstəyi ilə layihələrini inkişaf etdirərək startap formatına çevirmək imkanı əldə edirlər.
Tədbir zamanı iştirakçılar tərəfindən ümumilikdə 16 innovativ ideya təqdim olunur. Ekspert və iştirakçıların səsverməsi nəticəsində bu ideyalar arasından ən perspektivli 6 layihə seçilərək növbəti mərhələyə yüksəlir. Seçilmiş ideyalar əsasında komandalar formalaşdırılır və həmin komandalar mentorlar, ekspertlər və təlimçilərin dəstəyi ilə layihələrinin prototipləri və biznes modelləri üzərində işləməyə başlayırlar.
Proses ərzində iştirakçılara layihələrin hazırlanması, komanda işi, prototiplərin formalaşdırılması, təqdimatın strukturu və investorlar qarşısında çıxış zamanı diqqət edilməli vacib məqamlar barədə praktiki məsləhətlər verilir. Komandalar layihələrinin inkişafı və təqdimatlarının təkmilləşdirilməsi üzərində çalışaraq öz ideyalarını daha real və tətbiq oluna bilən startap layihələrinə çevirməyə çalışırlar.
Tədbirin yekun mərhələsində komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim edir və layihələrin innovativliyi, aktuallığı, texniki əsaslandırılması, komanda işi və reallaşdırma potensialı üzrə qiymətləndirilirlər. Qiymətləndirmə nəticəsində ən uğurlu layihələr müəyyən edilir və qalib komandalar mükafatlandırılır.
Startap Günləri gənclərin innovativ düşüncəsini təşviq edən, yeni startapların formalaşmasına dəstək göstərən və ölkədə startap ekosisteminin inkişafına töhfə verən mühüm təşəbbüslərdən biridir.
