Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində Startap Azərbaycan platformasının tərəfdaşlığı ilə keçirilən Startap Günləri gənclərin innovativ ideyalarının inkişafına və startap layihələrinə çevrilməsinə dəstək məqsədi daşıyan tədbirdir. Tədbir çərçivəsində tələbələr öz startap ideyalarını təqdim edir və mentorların dəstəyi ilə layihələrini inkişaf etdirirlər.
Tədbirin ilk mərhələsində tələbələr tərəfindən 43 innovativ ideya təqdim olunub. Ekspert və iştirakçıların səsverməsi nəticəsində ən perspektivli 8 ideya seçilərək növbəti mərhələyə keçib və həmin ideyalar əsasında komandalar formalaşdırılıb. Komandalar mentor və ekspertlərin dəstəyi ilə layihələrinin prototipləri və biznes modelləri üzərində işləyiblər.
Növbəti mərhələdə komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim edərək innovativlik, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı üzrə qiymətləndirilib. Qiymətləndirmə nəticəsində ən uğurlu startap layihələri müəyyən olunub.
Startap Günləri tələbələrin innovativ düşüncəsinin inkişafına, yeni startapların formalaşmasına və universitet daxilində startap ekosisteminin gücləndirilməsinə töhfə verən mühüm təşəbbüslərdən biridir.
