AzTU İnkubasiya Mərkəzində Maşınqayırma və Metallurgiya fakültəsi üzrə “Startap Günləri” infosessiyası keçirilib
Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində Maşınqayırma və Metallurgiya fakültəsi üzrə “Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub. Tədbirin əsas məqsədi tələbələri qarşıdakı startap mərhələləri ilə tanış etmək, innovativ ideyaların formalaşdırılması prosesinə istiqamət vermək və onları startap mühitinə hazırlamaq olub.
İlk olaraq AzTU-nun rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz çıxış edərək Startap Azərbaycan platformasının dəstəyi ilə keçiriləcək “Startap Günləri” barədə geniş məlumat verib. O, startap ekosisteminin mühəndislik sahələrində yaratdığı imkanlardan danışaraq tələbələri fəal iştirak etməyə və innovativ ideyalar üzərində çalışmağa təşviq edib.
Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək Maşınqayırma və Metallurgiya fakültəsinin tələbələrini gözləyən mərhələlər barədə məlumat verib. O, ideyaların generasiyası, komandaların formalaşması, texniki layihələrin ilkin təsnifatı, prototiplərin hazırlanması və qiymətləndirilməsi kimi prosesləri ətraflı şəkildə izah edib.
Sonda iştirakçılar öz suallarını ünvanlamaq, təkliflərini paylaşmaq və gələcək startap fəaliyyətləri barədə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

