“AzTU GAMEDEV PROGRAM”ın qalibləri müəyyənləşdi
Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “AzTU GAMEDEV PROGRAM” 48 saatlıq hakatonla (Game Jam) başa çatıb. Yekunda ən uğurlu beş komanda müəyyənləşib və mükafatlandırılıb.
Proqram “Xsolla”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və AzTU-nun birgə təşəbbüsü ilə həyata keçirilib. Təşkilatçılar “Nomadman Studio”, “IGDA Azerbaijan” və AzTU İnkubasiya Mərkəzidir. Layihənin məqsədi gənclərin oyun sənayesinə marağını peşəkar bacarığa çevirmək və ölkədə oyun hazırlayan istedadların yetişməsinə dəstək olmaqdır.
Proqram 22 oktyabrda AzTU İnkubasiya Mərkəzində seçilmiş iştirakçılar üçün təşkil olunan infosessiya ilə start götürüb. Bootcamp-a AzTU ilə yanaşı daha 8 universitetdən, ümumilikdə 9 ali məktəbdən tələbələr seçilib. Dörd həftə ərzində iştirakçılar Game Design, Game Art, Unity Programming və Unreal Engine istiqamətləri üzrə 20 praktik təlimdə iştirak ediblər. Təlimləri sahənin təcrübəli mütəxəssisləri keçib. İştirakçılar oyun ideyasının hazırlanmasından vizual dizayna və proqramlaşdırmaya qədər oyun yaratmağın bütün mərhələləri ilə tanış olublar.
Proqramın final mərhələsi olan hakaton 20 noyabr saat 19:00-da başlayıb. Tədbiri “IGDA Azerbaijan”ın rəhbəri və “Nomadman Studio”nun direktoru İlqar Əlirzayev açıb. O, iştirakçıları salamlayıb, proqramın məqsədləri və hakatonun keçirilmə qaydaları barədə məlumat verib.
Daha sonra AzTU-nun rektoru, professor Vilayət Vəliyev çıxış edib. Rektor universitetin rəqəmsal texnologiyalar və innovasiya sahəsində tələbələrə yeni imkanlar yaratmağa xüsusi önəm verdiyini vurğulayıb. O, oyun sənayesinin rəqəmsal iqtisadiyyatın perspektivli istiqamətlərindən biri olduğunu qeyd edib və proqramın həyata keçirilməsinə dəstək olan tərəfdaşlara təşəkkürünü bildirib. Vilayət Vəliyev iştirakçılara hakatonda uğurlar arzulayıb.






Hakatonda 81 tələbə 20 komanda şəklində yarışıb. İştirakçıların 42-si AzTU tələbəsidir. Hakatonda həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Universitetinin tələbələri iştirak ediblər.




















Komandalar 48 saat ərzində fasiləsiz çalışaraq sıfırdan oyun ideyası hazırlayıb, onun işlək prototipini qurub və 22 noyabrda layihələrini münsiflər heyətinə təqdim ediblər.
Münsiflər heyətinin tərkibi belə olub:
- Nikita Yudin – “Xsolla Baku” MMC-nin layihə meneceri
- Ulvi Aslanov – “Code Academy”nin baş icraçı direktoru (CEO)
- Yaqub Mehdiyev – “DynamicBox”un art direktoru

Layihələr oyunun ideyası, oynanış mexanikası, vizual həlli və texniki icrası üzrə qiymətləndirilib. Münsiflər heyətinin qərarı ilə nəticələr belə olub:
- I yer – “Excalibur Studios” komandası, “One More Room” oyunu (Azərbaycan Tibb Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti)

- II yer – “Quasar” komandası, “Sneak, don’t Squeak” oyunu (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

- III yer – “Zenith” komandası, “Zenith” oyunu (Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası)

- IV yer – “Fried Fish” komandası, “Robbery Cat” oyunu (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

- V yer – “Tetragon” komandası, “Pale” oyunu (Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

Qaliblər arasında ümumilikdə 27 200 manat (təxminən 16 000 ABŞ dolları) mükafat bölüşdürülüb. Proqramı tamamlayan bütün iştirakçılara sertifikat təqdim olunub.


Qeyd edək ki, AzTU İnkubasiya Mərkəzi “Xsolla” ilə əməkdaşlıq çərçivəsində oyun hazırlanması istiqamətində yeni təlim və inkubasiya təşəbbüslərini davam etdirməyi planlaşdırır.
