SABAH tələbələri üçün AzTU İnkubasiya Mərkəzində infosessiya keçirilib
← Bütün xəbərlərə qayıt
Xəbər Sentyabr 23, 2026

SABAH tələbələri üçün AzTU İnkubasiya Mərkəzində infosessiya keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində SABAH qruplarında təhsil alan tələbələr üçün infosessiya keçirilib.

Tədbirin açılışında AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri Osman Gündüz çıxış edərək tələbələri salamlayıb və innovasiya, texnologiya və sahibkarlıq istiqamətində tələbələr üçün yaradılan imkanlardan danışıb.

Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev Mərkəzin fəaliyyəti, məqsədləri və tələbələrə təqdim etdiyi imkanlar barədə məlumat verib. Tələbələrə Startap Günləri, İnkubasiya Proqramı, hackathonlar, təlimlər, ustad dərsləri və mentorluq imkanları haqqında ətraflı məlumat təqdim olunub.

Təqdimat zamanı tələbələrin öz ideyalarını inkişaf etdirərək layihə və startaplara çevirmələri, komandalar formalaşdırmaları və müxtəlif innovasiya tədbirlərində iştirak etmələri üçün yaradılan imkanlar diqqətə çatdırılıb. Həmçinin müxtəlif ixtisaslardan olan tələbələrin birgə çalışaraq innovativ layihələr hazırlaya biləcəkləri vurğulanıb.

İnfosessiya zamanı tələbələrin sualları cavablandırılıb, proqram və tədbirlərdə iştirak qaydaları barədə məlumat verilib.

Qeyd edək ki, AzTU İnkubasiya Mərkəzi tələbə və gənc tədqiqatçıların innovativ ideyalarının dəstəklənməsi, layihələrin inkişaf etdirilməsi və startapların formalaşdırılması istiqamətində fəaliyyət göstərir.