AzTU Game Dev 2026 Bootcamp çərçivəsində 48 saatlıq Game Jam marafonuna start verilib
← Bütün xəbərlərə qayıt
Xəbər Noyabr 21, 2026

AzTU Game Dev 2026 Bootcamp çərçivəsində 48 saatlıq Game Jam marafonuna start verilib

20 noyabr 2026-cı il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) “AzTU GAMEDEV PROGRAM” çərçivəsində 48 saatlıq Game Jam marafonunun açılış mərasimi keçirilib.

Tədbirin açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev oyun sənayesinin müasir texnologiyaların inkişafında, rəqəmsal iqtisadiyyatın formalaşmasında və yeni innovativ həllərin yaradılmasında əhəmiyyətindən danışıb. O, bu sahədə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, tələbələrin praktiki layihələrdə iştirakının vacibliyini vurğulayıb.

Daha sonra “Xsolla” şirkətinin layihə meneceri Vaqif Axundov çıxış edərək oyun sənayesində mövcud imkanlar, sektorun inkişaf perspektivləri və bu istiqamətdə beynəlxalq təcrübənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.


“IGDA Azerbaijan”ın rəhbəri və “Nomadman Studio”nun direktoru İlqar Əlirzayev isə iştirakçılara Game Jam-ın formatı, 48 saat ərzində həyata keçiriləcək proses, oyunların hazırlanma mərhələləri və yekun təqdimatlarla bağlı ətraflı məlumat verib.
 

Qeyd edək ki, 19 oktyabrdan başlayan dörd həftəlik GameDev Bootcamp çərçivəsində 9 universitetdən 81 tələbə Game Design, Game Art, Unity Programming və Unreal Engine istiqamətləri üzrə 20 praktik təlimdə iştirak edib.

48 saat davam edəcək marafon ərzində komandalar əldə etdikləri bilik və bacarıqları tətbiq edərək sıfırdan oyun ideyaları hazırlayacaq, onların işlək prototiplərini yaradacaq və 22 noyabr tarixində öz layihələrini münsiflər heyətinə təqdim edəcəklər.

Yekun təqdimatların nəticələrinə əsasən, ən uğurlu 5 layihə arasında ümumilikdə 27 200 AZN (təxminən 16 000 ABŞ dolları) məbləğində mükafat fondu bölüşdürüləcək. Proqramı uğurla tamamlayan bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Qeyd edək ki, “AzTU GAMEDEV PROGRAM” “Xsolla” şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşəbbüsü ilə həyata keçirilir. Proqramın təşkilatçıları “Nomadman Studio”, “IGDA Azerbaijan” və AzTU İnkubasiya Mərkəzidir.