“AzTU GAMEDEV PROGRAM”ın infosessiyası keçirildi
22 oktyabr 2026-cı il tarixində tədbir Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində keçirildi.
“AzTU GAMEDEV PROGRAM” “Xsolla”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzTU”nun birgə təşəbbüsü ilə həyata keçirilir. Proqramın təşkilatçıları “Nomadman Studio”, “IGDA Azerbaijan” və AzTU İnkubasiya Mərkəzidir. İnfosessiya proqrama seçilmiş iştirakçılar üçün təşkil olunmuşdu. Proqramda ümumilikdə 110 tələbə iştirak edəcək. Onların arasında AzTU ilə yanaşı daha 8 universitetin tələbələri də var.
Tədbiri giriş nitqi ilə AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz açdı. O, iştirakçıları salamlayaraq oyun sənayesinin bu gün rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf edən sahələrindən biri olduğunu vurğuladı. Gənclərin bu sahəyə marağının artmasını isə müsbət hal kimi dəyərləndirdi. Osman Gündüz iştirakçılara proqram boyunca fəal olmağı, təlimçilərin təcrübəsindən maksimum yararlanmağı və komanda işinə xüsusi önəm verməyi tövsiyə etdi. O, belə proqramların tələbələrə nəzəri biliklərini real layihələrdə sınamaq və gələcək karyeraları üçün ilk addımı atmaq imkanı verdiyini də qeyd etdi.
Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev qısa nitqlə çıxış etdi. O, iştirakçıları salamlayaraq oyun tərtibatının İnkubasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirdi. Azad Musayev mərkəzin tələbələrin texnoloji ideyalarını və startap təşəbbüslərini dəstəkləmək üçün çalışdığını vurğuladı. O, proqram müddətində mərkəzin iştirakçılar üçün açıq olacağını qeyd edərək hər kəsə uğurlar arzuladı.
Ardınca “IGDA Azerbaijan”ın rəhbəri, “Nomadman Studio” şirkətinin təsisçisi İlqar Alirzayev çıxış etdi. O, əvvəlcə “IGDA Azerbaijan” və “Nomadman Studio”nun 2023–2025-ci illərdə ölkədə oyun sənayesinin inkişafı üçün gördüyü işlərdən danışdı. Bu müddətdə 60-dan çox təlim, vörkşop və master-klass, 10-dan çox “game jam” keçirilib, 20-dən çox indie komanda formalaşıb. Fəaliyyət Bakı, Gəncə və Naxçıvanı əhatə edib. GDC, Digital Dragons və Mobidictum kimi beynəlxalq tədbirlərdə də iştirak olunub. Daha sonra İlqar Alirzayev proqramın bütün prosesini, yəni mərhələləri, təlim istiqamətlərini, qaydaları, bootcamp və mükafatlandırma ilə bağlı məsələləri ətraflı izah etdi. Sonda iştirakçıları maraqlandıran sualları cavablandırdı.
Proqramda iştirak ödənişsizdir. 23 oktyabr – 19 noyabr tarixlərində iştirakçılar Game Design, Game Art, Unity Programming və Unreal Engine istiqamətləri üzrə 20 praktik təlimdə iştirak edəcəklər. Unreal Engine təlimləri onlayn, digərləri isə AzTU İnkubasiya Mərkəzində əyani keçiriləcək. Proqramda davamiyyət əsas tələblərdən biridir.
20–22 noyabr tarixlərində keçiriləcək 48 saatlıq bootcamp-da komandalar oyun prototipi hazırlayıb münsiflər heyətinə təqdim edəcəklər. Ən uğurlu beş layihə arasında ümumilikdə 27 200 manat (təxminən 16 000 ABŞ dolları) mükafat bölüşdürüləcək. Proqramı tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.








