Cloud texnologiyaları ilə maraqlanırsan? AzTU-da yeni icma səni gözləyir!
← Bütün xəbərlərə qayıt
Xəbər Oktyabr 28, 2026

Cloud texnologiyaları ilə maraqlanırsan? AzTU-da yeni icma səni gözləyir!

Heç öz layihəni yaratmaq, onu internetdə yayımlamaq və ideyanı real məhsula çevirməyin necə baş verdiyini öyrənmək istəmisən? Bəlkə də gələcək karyeran cloud dünyasında başlayacaq!

Azərbaycan Texniki Universitetində tələbələr üçün yeni təşəbbüs, “AWS Student Builder Group at AzTU” icması fəaliyyətə başlayır. İcma Amazon Web Services-in tələbə proqramı çərçivəsində AzTU İnkubasiya Mərkəzinin dəstəyi ilə təşkil olunur. Məqsəd tələbələrə cloud computing sahəsində praktik bilik qazandırmaq, onları sənaye mütəxəssisləri ilə tanış etmək və real layihələr qurmağa kömək etməkdir.

Seriya çərçivəsində hər iştirakçı sıfırdan öz layihəsini seçir və sessiyalar boyunca onu addım-addım qurur. Süni intellekt köməkçisi kodun yazılmasına dəstək verir, iştirakçılar isə AWS-də hesab və giriş idarəsini, təhlükəsizlik icazələrini və yerləşdirmə prosesini özləri həyata keçirirlər. Nəticədə hər kəs internetdə canlı işləyən öz layihəsi ilə seriyanı tamamlayır.

Proqramda iştirak ödənişsizdir, əvvəlki bilik və ya təcrübə tələb olunmur. Praktik işlərdə AWS-in pulsuz imkanlarından istifadə olunur.

Seriya icmanın yalnız başlanğıcıdır. Növbəti mərhələlərdə iştirakçıları aşağıdakılar gözləyir:

Cloud engineer yolu üzrə mərhələli təlimlər: Linux, şəbəkə, AWS əsasları, təhlükəsizlik, Terraform, CI/CD, Docker və Kubernetes;
Sənaye mütəxəssisləri ilə canlı görüşlər;
Yarışlar və komanda layihələri;
AWS Cloud Practitioner kimi sertifikat imtahanlarına və müsahibələrə hazırlıq.

Qeydiyyat 4 noyabr tarixinədək davam edir. Qeydiyyatdan keçmək üçün aws-aztu.devlink.dev ünvanına daxil olmaq kifayətdir.

Cloud dünyasında özünü sınamaq, yeni bacarıqlar qazanmaq və real layihə qurmaq istəyirsənsə, AWS Student Builder Group at AzTU sənin üçün yaxşı başlanğıc ola bilər.

Qeydiyyat linki: https://aws-aztu.devlink.dev/