AzTU İnkubasiya Mərkəzi

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub. Tədbirin əsas məqsədi tələbələri qarşıdakı startap mərhələləri ilə yaxından tanış etmək, innovativ ideyaların formalaşdırılması prosesinə istiqamət vermək və onları startap ekosisteminə hazırlamaq olub.

Tədbiri giriş sözü ilə açan AzTU-nun rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz Startap Azərbaycan platformasının dəstəyi ilə həyata keçiriləcək “Startap Günləri” layihəsi haqqında ətraflı məlumat verib. O, startap ekosisteminin müxtəlif sahələrdə, xüsusilə innovasiya və texnologiya yönümlü layihələrdə yaratdığı imkanlardan bəhs edərək tələbələri fəal iştirak etməyə, yaradıcı və yenilikçi ideyalar üzərində çalışmağa çağırıb.

Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək iştirakçıları startap yol xəritəsi ilə tanış edib. Çıxış zamanı ideya formalaşdırılması mərhələsindən başlayaraq komanda quruculuğu, layihələrin qiymətləndirilməsi, ilkin texniki həllərin hazırlanması və prototipləşdirmə proseslərinə qədər bütün mərhələlər ətraflı izah olunub. Bununla yanaşı, iştirakçıların bu mərhələlərdə qarşılaşa biləcəyi çətinliklər, eləcə də onlara təqdim olunacaq mentorluq və inkubasiya dəstəyi barədə məlumat verilib.

Infosessiyanın sonunda iştirakçılar suallarını ünvanlamaq, təkliflərini bölüşmək və gələcək startap fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Tədbir tələbələrin böyük marağı ilə qarşılanıb və universitetdə startap mədəniyyətinin inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirilib.

← Xəbərlər Səhifəsinə Qayıt