AzInTelecom-un dəstəyi ilə SmartSolutions Hackathon 2026-nın ikinci günü start götürdü
← Bütün xəbərlərə qayıt
Xəbər Aprel 11, 2026

AzInTelecom-un dəstəyi ilə SmartSolutions Hackathon 2026-nın ikinci günü start götürdü

AzInTelecom-un dəstəyi ilə keçirilən SmartSolutions Hackathon 2026-nın ikinci günündə komandalar öz həllərini tamamlayaraq təqdimata hazır vəziyyətə gətirirlər. Mentor dəstəyi ilə texniki və biznes yanaşmalarını təkmilləşdirən iştirakçılar günün sonunda münsiflər qarşısında çıxış etməyə hazırlaşırlar.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində, AzInTelecom MMC-nin dəstəyi ilə təşkil olunan SmartSolutions Hackathon 2026 tədbirinin ikinci günü start götürmüşdür.

İki gün davam edən hackathonun ikinci mərhələsində iştirakçı komandalar əvvəlki gündə başladıqları işləri davam etdirərək öz ideyalarını daha da inkişaf etdirir, təqdim olunmuş problemlər üzrə hazırladıqları həlləri tamamlayır və son təqdimata hazır vəziyyətə gətirirlər. Komandalar bu mərhələdə həm texniki hissənin təkmilləşdirilməsi, modellərin optimallaşdırılması, həm də məhsulun funksional və praktik tərəflərinin gücləndirilməsi istiqamətində intensiv fəaliyyət göstərirlər.

Gün ərzində iştirakçılar mentorların dəstəyi ilə işləyərək öz həllərinə əlavə dəyər qatmaq imkanı əldə edirlər. Mentorlar komandalarla fərdi və qrup şəklində işləyərək həm texniki məsələlərdə, həm də biznes modelin qurulması, bazar uyğunluğu və təqdimat strategiyasının hazırlanması kimi istiqamətlərdə tövsiyələrini bölüşürlər. Bu proses iştirakçıların yalnız texniki bacarıqlarını deyil, eyni zamanda analitik düşüncə və təqdimat qabiliyyətlərini də inkişaf etdirməyə xidmət edir.

Hackathon çərçivəsində komandalar əvvəlcədən müəyyən olunmuş problem istiqamətləri üzrə konkret və ölçülə bilən outputlara əsaslanan həllər üzərində çalışırlar. Bu yanaşma iştirakçıların ideyalarını real məhsul səviyyəsinə yaxınlaşdırmasına və təqdim etdikləri həllərin praktik tətbiq imkanlarını nümayiş etdirməsinə şərait yaradır.

Qeyd edək ki, ikinci günün sonunda hackathonun iş mərhələsi yekunlaşacaq və komandalar hazırladıqları həlləri münsiflər heyəti qarşısında təqdim edəcəklər. Təqdimat mərhələsində komandalar öz məhsullarının texniki tərəflərini, istifadə etdikləri yanaşmaları və həllin bazar potensialını nümayiş etdirərək qiymətləndirmə prosesində iştirak edəcəklər