AzTU, BDU və AzMİU tələbələrinin iştirakı ilə “Startap Günləri”nin 2-ci günü baş tutub
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində AzTU, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin iştirakı ilə keçirilən “Startap Günləri”nin ikinci günü intensiv və məhsuldar fəaliyyətlə davam edib.
Səhər saatlarından etibarən əvvəlki gün seçilmiş 7 komanda ekspert və mentorların dəstəyi ilə layihələri üzərində işləməyə başlayıblar. Gün ərzində komandalar layihələrinin inkişaf etdirilməsi, prototiplərin hazırlanması və təqdimat mərhələsinə hazırlıq istiqamətində fəaliyyət göstəriblər.






Komandalar prototipin hazırlanması, komanda işi, təqdimatın strukturu və münsiflər qarşısında çıxış zamanı diqqət edilməli əsas məqamlar barədə ətraflı məlumatlandırılıblar. Günün birinci yarısı layihələrin inkişafına, ikinci yarısı isə təqdimatların hazırlanmasına həsr olunub.Eyni zamanda püşkatma nəticəsində komandaların təqdimat sıralaması da müəyyən edilib.

Günün ikinci yarısında komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında 5 dəqiqəlik təqdimatlar şəklində nümayiş etdiriblər. Təqdimatlar münsiflər — Fərid Kazımov, Orxan Əhmədov və Aysel Sadıqova tərəfindən innovativlik, aktuallıq, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı meyarları üzrə qiymətləndirilib.







Qiymətləndirmə nəticələrinə əsasən qaliblər müəyyənləşdirilib:

🥇 1-ci yer — “Quadra”
(BDU tələbələri)
Nurlanə Sadıqlı Vasif
Aytac Şəkərzadə İlqar
Türkan Kərimova Aris
Nərgiz Mehdiyeva Məhəmməd

🥈 2-ci yer — “MentorMind”
(AzTU tələbələri)
Nadir Qədirzadə Nazim
Kamal İbrahimov Rauf
Məhəmməd Xəlilli Ceyhun

🥉 3-cü yer — “Revu”
(AzTU tələbələri)
Kənan Cəfərov Emin
Elnur Abbasov Akif
Nurəddin Allahyarov Şahbəddin
Məhəmməd Cəfərli Fəyyaz
Hüseyn Hüseynov Murad
Bu dəfə “Startap Günləri”nin digər tədbirlərdən fərqlənən əsas məqamlarından biri də tələbələr arasında öz layihəsini ən fəal və inamlı şəkildə müdafiə edən iştirakçının fərdi olaraq qiymətli hədiyyə ilə təltif olunması olub. Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbəsi, “SpotOn” komandasının üzvü Səkinə Bədirova layihəsini uğurla müdafiə etdiyinə görə xüsusi mükafata layiq görülüb.

Tədbirin sonunda yekun təqdimat və mükafatlandırma mərasimi keçirilib. Qalib komandaların üzvlərinə müxtəlif qiymətli hədiyyələr, diplomlar və sertifikatlar Azərbaycan Texniki Universitetinin rəhbərliyi, Azərbaycan İnternet Forumunun prezidenti, AzTU İnkubasiya Mərkəzinin koordinatoru və mentorlar tərəfindən təqdim olunub.














“Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına töhfə vermək, gənclərin innovativ düşüncə və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, onların yeni layihələr formalaşdırmasına və real biznes mühitinə inteqrasiyasına dəstək göstərməkdir.
