AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib
← Bütün xəbərlərə qayıt
Xəbər İyun 17, 2026

AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) İT sahəsində çalışan tələbələrin iştirakı ilə “İşləyən Tələbələrin I Forumu: Təhsil, Karyera və Gələcək Bacarıqlar” mövzusunda forum keçirilib.

AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi informasiya texnologiyaları sektorunda çalışan tələbələri bir araya gətirmək, onların təcrübələrini paylaşmaq, qarşılaşdıqları problemləri müzakirə etmək və universitet–sənaye əməkdaşlığını gücləndirmək olub.

Tədbiri giriş sözü ilə Azərbaycan Texniki Universitetinin rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, Startap Azərbaycan platformasının rəhbəri Osman Gündüz açıb. O, rəqəmsal transformasiya, əmək bazarının tələbləri və gələcəyin bacarıqları barədə fikirlərini iştirakçılarla bölüşüb.

 

Forum zamanı tələbələr çalışdıqları şirkətlər, tutduqları vəzifələr, fəaliyyət istiqamətləri və əldə etdikləri peşəkar təcrübələr haqqında məlumat veriblər. Həmçinin iş həyatında qarşılaşdıqları çətinliklər, tələb olunan bacarıqlar və karyera inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edərək universitetdə həyata keçirilən layihələr, tələbələr üçün yaradılan imkanlar və qarşıdakı dövrdə nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Daha sonra rektor işləyən tələbələrin problemlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib.

Görüşün sonunda AzTU-nun İT sektorunda çalışan tələbələrinin şəbəkəsinin yaradılması barədə qərar qəbul olunub. Qeyd edilib ki, bu formatda görüşlər mütəmadi olaraq təşkil ediləcək, tələbələr arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcək.