Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən İnkubasiya Mərkəzində Blockchain Azərbaycan Mərkəzinin və AzTU-nun birgə təşkilatçılığı ilə “AI dövründə stablecoin istifadəsi” mövzusunda görüş uğurla baş tutmuşdur.
Tədbir süni intellekt və AI agentlərinin sürətlə inkişaf etdiyi müasir dövrdə stablecoinlərin maliyyə sistemində rolu, tətbiq sahələri və gələcək perspektivlərinə həsr olunmuşdur. Görüş çərçivəsində iştirakçılar real nümunələr əsasında stablecoinlərin AI sistemlərində istifadəsi, avtomatlaşdırılmış ödəniş mexanizmləri və rəqəmsal iqtisadiyyatda yeni yanaşmalarla tanış olmuşlar.
Tədbirin açılış hissəsində AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, AzTU İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri və Blockchain Azərbaycan Mərkəzinin üzvü Osman Gündüz çıxış edərək süni intellekt və blokçeyn texnologiyalarının sinerjisi, bu istiqamətdə formalaşan yeni imkanlar və innovasiya ekosistemindəki rolu barədə fikirlərini bölüşmüşdür.
Daha sonra Blockchain Azərbaycan Mərkəzinin üzvü Orxan Əhmədov (BonPara, CInS, AInA layihələrinin təsisçisi) çıxış edərək fintech, AI və blokçeyn texnologiyalarının inteqrasiyası, stablecoinlərin real biznes modellərində tətbiqi və bazar imkanları barədə təqdimatla çıxış etmişdir.
Tədbirdə həmçinin Blockchain Azərbaycan Mərkəzinin üzvləri Elnur Quliyev, Elşad Yusifli və Sənan Həsənov çıxış edərək kripto aktivlər bazarının inkişafı, stablecoinlərin praktik istifadəsi və bu sahədə mövcud çağırışlar barədə ətraflı məlumat vermişlər.
Görüş banklar, ödəniş təşkilatları, kripto aktivlər sahəsində fəaliyyət göstərən şirkətlər və startap nümayəndələrini bir araya gətirərək həm bilik mübadiləsi, həm də yeni əməkdaşlıqların qurulması üçün əhəmiyyətli platforma olmuşdur.
Sonda iştirakçılar arasında müzakirələr aparılmış, sual-cavab sessiyası çərçivəsində mövzu ilə bağlı müxtəlif yanaşmalar və praktiki təkliflər səsləndirilmişdir. Tədbir iştirakçılar üçün həm nəzəri, həm də praktiki baxımdan faydalı olmaqla yanaşı, şəbəkələşmə imkanlarının genişlənməsinə töhfə vermişdir.