“Mediatrends Global” ictimaiyyətə təqdim edildi
← Bütün xəbərlərə qayıt
Xəbər Sentyabr 14, 2026

“Mediatrends Global” ictimaiyyətə təqdim edildi

“Mediatrends Global” platforması təqdim olunub. Platforma media məlumatlarının AI vasitəsilə operativ təhlilini və dövlət idarəçiliyində qərarqəbuletmə prosesinin sürətləndirilməsini təmin edir.

2026-cı il sentyabrın 11-də Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində keçirilən təqdimatda dövlət qurumları, xüsusi dövlət orqanları, agentliklər və nazirliklərin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Mediatrends Global”ın təsisçisi, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz platformanın yaradılma məqsədi, texnoloji imkanları və dövlət idarəetməsində informasiya proseslərinin daha çevik və effektiv təşkilinə verə biləcəyi töhfələr barədə məlumat verib.

Təqdimat zamanı platformanın Gündəlik icmal, Böhran radarı, Media analitikası, Erkən xəbərdarlıq sistemi, Hesabatlar, Müqayisəli təhlil və Media bazası kimi əsas funksiyaları nümayiş etdirilib.

Tədbirdə xüsusi diqqət çəkən AI Agent modulu istifadəçilərə təbii dildə mürəkkəb sorğular ünvanlamağa və “Mediatrends Global”ın məlumat bazası əsasında real vaxt rejimində analitik cavablar əldə etməyə imkan verir. Bu funksiyanın böyük həcmdə media məlumatlarının operativ təhlilinə və qərarqəbuletmə prosesləri üçün zəruri informasiyanın daha sürətli əldə olunmasına imkan yaratdığı bildirilib.

Təqdimatın sonunda platformanın tətbiq imkanları ilə bağlı iştirakçıların sualları cavablandırılıb, həmçinin onun gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.